Nigah müqaviləsi nə üçün lazımdır?
23. Октябрь, 2019 в 10:48,
Нет комментариев

Nigah müqaviləsi nə üçün lazımdır?
Hüquqşünas: Əli İbrahimov
Son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanmaqla əmlak xarakterlidir. Belə münaqişələrin əksəriyyəti isə boşanmalar zamanı meydana çıxır. Statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır. Belə olan təqdirdə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilirlər.
Lakin Qərbdə boşanma zamanı bizim ailələrdə yaşanan problemlərə bənzər problemlər yaşanmır və tərəflər düşmənə çevrilmirlər.
Bunun səbəbi Qərb ölkələrinin təcrübəsində tərəflərin nigahdan öncə nigah müqaviləsi bağlamasıdır.
Azərbaycanın Ailə Məcəlləsində nigaha daxil olanlara bu müqavilənin bağlanması tövsiyə olunur. Təcrübədə nigaha daxil olan şəxslərin belə bir müqavilə imzalamasına çox nadir hallarda rast gəlinir. Səbəb isə mental dəyərlərdir. Belə ki, tərəflərin evlənməzdən öncə boşanma haqqında düşünərək müqavilə tələb etməsinin bədniyyətlilik və utancverici bir hal kimi qəbul edilməsidir.
Əslində isə belə bir müqavilənin, razılaşmanın olmaması tərəflər arasında əmlak mübahisəsi mərhələsində ciddi problemlər doğurur.
"Əksəriyyət belə düşünür ki, bu müqavilənin imzalanması nigahın daimi olacağına şübhə yaradır. Bu yanlış mövqedən çıxış edənlər nigah müqaviləsinin mahiyyətinə varmır, onun üstünlükləri barədə məlumatsız olurlar. Nigah müqaviləsinin bağlanması tərəfləri belə mübahisələrdən sığortalayır və onların gələcək sosial təminatının qarantı kimi çıxış edir"
Nigah müqaviləsi əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər.
"Nigah müqaviləsi nigaha daxil olan şəxslər arasında bağlanan, nigah dövründə və ya nigah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nigah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılığa gəlsələr belə, nigaha xitam verilən zaman həmin şifahi razılaşmaya əsaslanaraq əmlak iddiası irəli sürə bilməz. Nigah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nigah müqaviləsi həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər"
Bununla belə, əgər tərəflər arasında nigah müqaviləsi bağlanmamışdırsa, ər-arvadın nigah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Tərəflər nigah müqaviləsi bağlayarsa, qabaqcadan tərəflər bundan fərqli mövqelər müəyyən edə bilərlər. Məsələn, müqavilədə onların nigah müddətində əldə etdikləri mülkiyyətin bölünməsinin fərqli qaydası müəyyən edilə bilər.
Nigah müqaviləsi tərəflərin hüquq və fəaliyyətini, onların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Nigah müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz.
"Lakin nigah müqaviləsi tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nigah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir"
Azərbaycanda nigaha girənlər arasında nigah müqaviləsi bağlayan cütlüklərin sayının çox az olmasıdır, rəsmi məlumatlara görə, bu göstərici qeydə alınan nigahların 1 faizini də təşkil etmir.
Bəzi ekspertlər nigah müqaviləsinin bağlanmasının məcburiliyi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edir. Müqavilənin məcburiləşdirilməsi müqavilə azadlığı prinsipinə ziddir. Müqavilə tərəflərin razılığı ilə, məcburiyyət olmadan, tərəflər heç bir basqı altında qalmadan bağlanmalıdır.
Cəmiyyətdə nigah müqaviləsinin mahiyyətinin, üstünlüklərinin düzgün başa düşülməsi üçün təbliğat aparılmalı, VVAQ şöbələri nigah üçün müraciət edənlərə bu müqavilənin üstünlüklərini izah etməli, gənclər arasında təbliğat aparılmalıdır.
"Cəmiyyət bu müqavilənin əsl mahiyyətini dərk etməyincə, müqavilənin bağlanmasına nail olmaq çətin olacaq", o deyib.