31. Октябрь, 2019 в 9:12,
Нет комментариев
Vətəndaşların Sosial təminat hüquq
Hüquqşünas: Əli İbrahimov
Sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində əks olunmuşdur. Sosial təminat dövlətin sosial funksiyası ilə birbaşa bağlıdır. Bu hüquq onu ifadə edir ki, özünü saxlamaq qabiliyyətindən məhrum olmuş, yaxud başqalarına nisbətən cəmiyyətdə daha çox sosial müdafiəyə ehtiyacı olan şəxsin öz yaşayışını təmin etmək üçün dövlətdən müəyyən məbləğ əldə etmək haqqı vardır. Bu zaman fərdə əvəzsiz olaraq müəyyən məbləğdə pul vəsaiti və digər güzəştlər edilir.
Dövlət büdcəsinə yığılan və sosial məqsədlər üçün ayrılan pul sosial təminata xərclənir. Bu hüquq dövlətin iqtisadi inkişafından asılı olduğundan, hər dövlətdə fərqli xarakter daşıyır. Qanunda göstərilir ki, hər kəsin sosial təminat hüququ vardır, amma bununla belə, ilk növbədə, onun ailə üzvləri sözügedən şəxsə yardım etməlidir.
Sosial təminat vəsaitlərinin toplandığı qurum Dövlət Sosial Müdafiə Fondudur. O, aztəminatlı ailələrin sosial təminatlarla maliyyələşdirilməsi ilə məşğul olur. Dövlət sosial sığorta sistemi dünyanın bir çox ölkələrində mövcuddur. Sosial təminatlar pensiya, müavinət formasında müntəzəm olaraq qanunda göstərilmiş vaxtda ödənilməlidir. Aşağıda qeyd olunan hallar sosial təminat hüququnu müəyyən edir:
* Qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda ;
* Xəstəliyi olduqda ;
* əlilliyi olduqda ;
* ailə başçısını itirdikdə ;
* əmək qabiliyyətini itirdikdə ;
* işsiz olduqda.
Pensiyaya çıxmaq üçün yaş həddi kişilər üçün 63, qadınlar üçün 60 yaş həddində müəyyənləşdirilmişdir. Amma zərərli, ağır işlərlə məşğul olan şəxslər üçün pensiya yaşı 5-10 il azaldılır. Xəstəlik o zaman sosial təminat hüququnun istifadəsinə səbəb olur ki, şəxsin peşə fəaliyyətini uzun müddətə dayandırmaq zərurəti yaranır.
Ailə başçısının itirilməsi dövlət büdcəsinə gələn gəlirin azalmasına səbəb olduğundan, ailə başçısını itirən ailə sosial təminat almaq hüququ qazanır. Belə ki, ailənin yetkinlik yaşına çatmamış üzvlərinin hər birinə pensiyanın minimum məbləğindən az olmayaraq pensiya müəyyən olunur (müharibədə həlak olmuş vətəndaşın uşaqları, valideynləri, dul arvadı; vəfat etmiş şəxsin uşaqları və uşaqlara baxmağa görə ailə üzvlərindən biri).
Əlillik sağlamlığın, əmək qabiliyyətinin həmişəlik pozulmasıdır. Qanunvericiliklə müəyyən səbəblərdən əlil olmuş şəxslərə dövlət təqaüdünün təyin olunması və ödənilməsi qaydaları nəzərdə tutulur. Əlilliyə görə pensiyalar aşağıdakı hallarda müəyyən olunur:
*əmək zədəsi və ya peşə xəstəliyi olduqda;
* ümumi xəstəlik;
* hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kantuziya, zədələnmə və ya xəstələnmə.
Əmək qabiliyyətinin itirilməsindən asılı olaraq əlillik 3 qrupa bölünür, əlillik qrupu xüsusi həkim-ekspert komissiyası tərəfindən müəyyən edilir. İşsizlik də sosial təminat sisteminə qoşulmaq üçün əsasdır. Burada sosial təminat hüququnun həyata keçirilməsi səbəbi şəxsin obyektiv səbəblərdən özünün iş qüvvəsini sərf etmək üçün iş tapa bilməməsidir. Bu zaman işsiz qalmış vətəndaşa dövlət öz maliyyə imkanları çərçivəsində işsizlik müavinəti ödəyir. Pensiyalar əmək və sosial pensiyalar olmaqla 2 qrupa bölünür. Əmək pensiyası müəyyən yaş həddinə çatmış və müəyyən iş stajı olan vətəndaşlara verilir. Sosial pensiyalar isə stajdan və işləməkdən asılı olmayaraq yuxarıda sadalanan hallarda ödənilir.
Pensiya təminatı "Vətəndaşların pensiya təminatı haqqında" qanunla tənzimlənir.
Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəs qanunla müəyyən olunmuş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısının itirdiyinə, əmək qabiliyyətinin itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulan digər hallarda sosial təminat hüququna malikdir.
İnsanların konstitusiya ilə müəyyən olunan sosial təminatının əsas hüquqlarından biri də sosial müavinət almaq hüququdur. Sosial müavinətlər qanunvericiliklə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriyalı şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 2006-cı ilə qədər respublikamızda sosial müavinətlərlə bağlı vahid normativ akt mövcud olmamış, bu məsələ müxtəlif qanunvericilik aktları ilə tənzimlənmişdir. 07. 02. 2006-cı il tarixdə "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunduqdan sonra, sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları, eləcə də, bu sahədə yaranan digər münasibətlər bu Qanunla tənzimlənməyə başlanmışdır.
Sosial müavinətlər təqdim olunma əsaslarından asılı olaraq iki qrupa, aylıq müavinətlərə və birdəfəlik müavinətlərə ayrılır. Aylıq müavinətlərə dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, üç yaşınadək uşağa qulluğa görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət daxildir. Birdəfəlik müavinətlərə radiasiya qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət daxildir. Dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərdən bir neçəsinə hüququ olan şəxslərə yalnız bir növ müavinət təyin edilir. Bu müavinətlər istisna olmaqla, digər növ müavinətlərə hüququ olan şəxslərə həmin növ müavinətlərin hamısı təyin oluna bilər.
Sosial müavinətlərin məbləğinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə daxildir və məbləğin müəyyənləşdirilməsi fərmanlar ilə həyata keçirilir. Sosial müavinətlərin məbləğinə ildə bir dəfədən az olmamaq şərtilə indeksləşdirilməklə yenidən baxılır.
Sosial müavinətlərin təyin edilməsi müddəti onun hansı tarixdən və hansı müddətə təyin edilməsi əhatə edir. Müavinət almaq hüququ yaranan hər bir şəxsin istənilən vaxt müavinət təyinatı üçün müraciət etmək hüququ vardır. Müavinətlər əvvəlki tarixə ən çoxu üç il müddətinə təyin edilə bilər, lakin bu müddət "Sosial müavinətlər haqqında" Qanunun qüvvəyə mindiyi tarixdən, 01. 01. 2006-cı ildən əvvəlki dövrü əhatə edə bilməz. Dövlət qulluqçularına ömürlük və yaşa görə müavinətlər ömürlük, əliliyə görə müavinət əlillik müddətinə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə, ailə başçısını itirməyə görə müavinət, vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaq şərtilə), vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına əlillik müddətinə, vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və yaşından, əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərindən, qardaş, bacı, baba və nənələrdən birinə uşağın 8 yaşınadək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, onu almaq hüququ olan şəxs bu hüququ itirənədək, üç yaşına görə müavinət, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs, qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə, bəzi kateqoriyalı şəxslərin 16 yaşınadək (ümumtəhsil məktəblərində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət uşağın 16 yaşı tamam olan ayın sonunadək, ümumtəhsil məktəblərində əyani təhsil alanlara 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaq şərtilə), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə, bir yaşınadək uşağı olan aztəminatlı ailərə müavinət, uşağın bir yaşı tamam olan ayın sonunadək, radiasiya qəzası nəticəsində əziyyət çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı ayın 1-dək ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciətetmə müddətindən asılı olmayaraq təyin edilir.
İşsizlik müavinəti passiv tədbir növüdür, vətəndaşlara müəyyən bir vaxt ərzində aktiv iş axtarmaq üçün imkan vermək və onlara bu müddətdə maddi köməklik göstərmək məqsədilə təyin edilir.
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci və 38-ci maddələrinə əsasən hər kəs işsizliyə görə sosial təminat hüququna malikdir və işsizlərin dövlətdən sosial təminat almaq hüququ vardır. Vətəndaşlara işsiz statusu verilməsi və işsizlik müavinətinin təyin edilməsi "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Ünvanlı dövlət sosial yardımı yoxsulluğun mənfi nəticələrinin yüngülləşdirilməsi, aztəminatlı təbəqənin sosial rifah halının yüksəldilməsi və onların sosial müdafiəsinin təminatı üçün nəzərdə tutulur və aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.