16. Ноябрь, 2019 в 20:14,
Нет комментариев
Hüquqşünas : Əli İbrahimov
"Bəşəri dəyərlər sırasında insan hüquqları qədər
müqəddəs sayılan İlahi nemət yoxdur".
Yunan filosofu Yustinian
İnsan hüquqları “İnsan kimi yaşamağa” imkan verən vacib və hər birimizin təbiətinə, Allahın yaratdığı bioloji və sosial varlığın, yer üzünün zinətinin özgəninkiləşdirilməyən hüququdur. Yaşayırıqsa, deməli, buna hüququmuz var; hüquq və azadlıqlarımız yoxdursa, demək, yaşamırıq. Yaşamaq və onunla bağlı nə varsa, hüquqla yaranır. Ömür bitdikdən sonra özgəninkiləşməyən çoxsaylı hüquqlar fərdlə birlikdə dəfn olunur.
İnsan hüquq və azadlıqları bəşəriyyətin “ümumi dili”dir. Hamı bu “dil” ilə danışa bilir. Harada olsaq, bu bəşəri dəyərləri yanımızda hiss edib, sərbəst dolanırıq. Xoşbəxt həyat, azad yaşamaq üçün hüquqlarımızı bilməsək, uğrunda mübarizə də apara bilmərik.
İnsan hüquqları Tanrının xəlq etdiyi şüurlu varlığa məhəbbətin canlı təzahürüdür. Bu İlahi məhəbbətin önündə səcdəyə qapılmalıyıq ki, günahlarımız bağışlansın.
Yer üzündə insanların bir-biriləri ilə təmasda olub danışmaq istəyi də anadangəlmə hüququdur. Hamımızın buna ehtiyacı və tələbatı var. Bu hal bizi digər canlılardan fərqləndirir. İnsanın həyat boyu bilik əldə edib, özünü ifadə etməyə və mənəvi boşluqlarını aradan qaldırmağa həmişə ehtiyacı olur. Kim bu əsas tələbatların təmin edilməsindən məhrumdursa və yaxud imkanları məhduddursa, insan ona layiq olmayan həyat tərzini keçirməyə vadar olur.
Ona görə də dünyada məhrumiyyətlərdən müdafiə olunması üçün “insan hüquqları” terminindən istifadə edilir. Hüquqi yanaşma belə deməyə əsas verir ki, “tələb, ehtiyac” heç vaxt “hüquq və azadlıq”lar kimi dəyərə və gücə malik olmur. Belə formulə insan tələbatının və ehtiyacının yalnız hüquq çərçivəsində təmin olunmasına zəmanət verir. Bu, hər bir fərdin həm mənəvi, həm də hüquqi haqqıdır.
1948-ci ildə qəbul olunmuş "Ümumdünya insan hüquqları haqqında" Bəyannamədən başlayaraq, bu günə qədər insan hüquqlarının məcəllələşdirilməsi prosesi həm beynəlxalq, həm də milli səviyyədə təkmilləşdirilib və bu sahədə institusional mərhələ davam edir.
Yarım əsrdən çox müddət ərzində bütün bəşəriyyətə bəlli olur ki, insan hüquq və azadlıqlarını təmin etmədən, demokratik, hüquqi dövlət qurmaq, cəmiyyətin inkişafına və sosial-iqtisadi tərəqqisinə nail olmaq mümkün deyil.
Müasir dünya hər yerdə demokratik, hüquqi və sosial dövlətin qurulmasını zəruri sayır. Azərbaycan Respublikası da bu sırada artıq möhürünü vurub, beynəlxalq hüququn subyekti kimi, dünya xəritəsində yeri, xarici siyasətdə və diplomatik missiyada imzası var.
Hüquqi, demokratik dövlət kimi Azərbaycan insan hüquq və azadlıqlarının prioritetini qəbul edir, tanıyır, məhz hüquqla özünün hakimiyyət funksiyalarını məhdudlaşdıra bilir. Bu baxımdan, dövlətimizin siyasi təbiəti və mahiyyəti bilavasitə insan hüquqları ilə açılır. Fərdin cəmiyyətdəki rolu və yeri, onun dövlətə mənsubluğu, onunla hüquqi, siyasi və iqtisadi bağlılığı qarşılıqlı hüquq və vəzifələr daşıması ilə təsdiqini tapır.
Azərbaycan dövləti üçün "insan hüquqları" anlayışı son dərəcə mühüm əhəmiyyət kəsb edir. 1991-ci ildən başlayaraq insan hüquq və azadlıqları sahəsində islahatlar davam edir. Bu, Azərbaycan dövlətinin Beynəlxalq Hüququn prinsiplərinə uyğun beynəlxalq öhdəliklərinin vicdanla yerinə yetirilməsinin canlı təzahürüdür.
Təəssüflə qeyd etmək istərdim ki, beynəlxalq ictimaiyyətin şüurunda, dünya mədəniyyətində, sağlam insanların düşüncələrində quldarlıq quruluşundan tutmuş 1948-ci ilə və 1948-ci ildən müasir zamana qədər insan hüquqları o qədər də əhəmiyyətli diqqətə malik olmamış, insan hüquqlarına hörmət nəzarətdən çıxmış, hüquq düşüncələri deformasiyaya uğramış, hüquq və azadlıqlara diqqətsizlik hallarının xəritəsi böyüməkdə davam edir. İnsanların köməksiz vəziyyətdə qalmasına təsir edən siyasi faktorlar və şərait, onu doğuran səbəblər aradan qalxmır. Bütün bunlar geniş iqtisadi imkanlara malik dövlətlərin ağılasığmaz fəaliyyətidir.
Uzun illərdir Azərbaycan ərazisi işğala məruz qalıb. Nasist ruhlu və nasist düşüncəli Ermənistan tərəfinin qaçqın və məcburi köçkünlərin hüquq və azadlıqlarına müstəsna hörmətsizliyi bütün dünya siyasilərinin və ictimaiyyətinin gözü qarşısında elə müstəsna həyasızlıqla da davam edir. Əslində Yerevan Beynəlxalq Hüququn 10 prinsipinin hər birini, hər gün usanmadan, çəkinmədən pozur. BMT TŞ-nın heç bir üzvü isə onlara “dur” deməyə ya cəsarətləri çatmır, ya da istəmirlər. Amma insanlığa zidd, xüsusi amansıslığı ilə müşayət edilən əməlləri beynəlxalq hərbi tribunalın predmetidir. Yubanırıq, çox yubanırıq. Yerevan hüquqi qüvvəsi olmayan atəşkəs protokolundan sui-istifadə edir, möhkəmlənməsi üçün vaxt uzadır.
Qədim Roma müdriklərinin və imperator-sərkərdələrinin ifadələri ilə desək, "Sülh ərəfəsində qəbul edilən qanunların əksəriyyətini müharibə rədd edir. Güclə yox, hüquqla hərəkət etmək daha ədalətlidir".
Azərbaycan, hələ ki, hüquqla danışır. Sonrası qarşı tərəf üçün baha başa gələ bilər…
Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra da ərazi bütövlüyünün pozulmasına məruz qalmış, bir milyondan çox Azərbaycan vətəndaşları dözülməz həyat şəraitində, qaçqın həyatında yaşamalı olsalar da, insan hüquqları barədə qəbul edilən aktlar insanların acı taleyini dəyişməyə gücü çatmamışdır. Lakin Azərbaycan dövlətinin ardıcıl, humanist siyasəti nəticəsində qaçqınlar və məcburu köçkünlər artıq dözülməz həyat yaşamaqdan qurtulmuşlar. Bu da Azərbaycan dövlətinin ali məqsədinin bariz nümunəsidir. (Dünyada son illərin misli görünməmiş qaçqınlıq həyatı isə daha sərt, yazılmamış qanunlarla idarə olunur.)
Dünyanın əksər ölkələrinin konstitusiyalarında insan hüquqları ilə bağlı müddəalar əksini tapıb. Belə yanaşma dövlət, cəmiyyət və fərd üçün həyati vacib məsələdir, əhəmiyyətlidir. İnsan hüquqları Allahın yaratdığı hər bir şəxsin, şəxsiyyətin ləyaqətlə və azad mövcudluğu üçün zəruridir, sosial ehtiyaclarının (həllində) ödənilməsində konstitusion əhəmiyyət daşıyır.
Bundan başqa, insan hüquq və azadlıqları dövlətin və cəmiyyətin yaşaması üçün də siyasi, iqtisadi və mənəvi həyat fəaliyyətinin məcmusu kimi qəbul edilir. Belə ki, hüquq və azadlıqlar realizə olunmadan, vətəndaşların iqtisadi mühitinin canlandırılması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması, seçki hüququ olmadan isə cəmiyyətin idarəçilik strukturunun formalaşdırılması cəhdi nəticə verməz.