25 sentyabr 2019 17:21

  •  
  •  
  •  
  •   
    Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.

Azərbaycan Respublikası Konstitusiyasının ikincı bölməsinin 3-cü fəsli əsas hüquqlar, azadlıqlar və vəzifələrdən bəhs edir.

Konstitusiyanın 57-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab veriliməlidir.

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" 10 iyun 1997-cı il tarixli qanundan və digər qanunvericilik aktlarından ibarətdir.

Hüquqşünas Əli İbrahimov yazır: "Vətəndaşların üç formada dövlət orqanlarına müraciət etmələri nəzərdə tutulub:

Təklif - dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elmi, texniki, hüquqi yaradıcılıq və başqa sahələrlə bağlı məsələnin həllini nəzərdə tutan müraciət.

Ərizə - vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.

Şikayət - dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət.

Dövlət hakimiyyəti orqanları, idarələr, taşkilatlar, müəssisələr Azərbaycan Respublikası Konstitusiyası, qanunları ilə müəyyən edilərək təminat verilən qaydada vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər.

Dövlət hakimiyyəti orqanları idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq, qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar.

Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisə rəhbərləri, eyni zamanda, digər vəzifəli şəxslər təkliflərə, ərizə və şikayətlərə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, şikayət vermək qaydasını izah etməli, bu barədə əsaslandırılmış qərarların qəbul edilməsini və vaxtında düzgün yerinə yetirilməsini təmin etməlidirlər.

Dövlət hakimyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslər vətəndaşların qəbul edilməsini təmin etməli, onları əvvəlcədən məlumat verilən günlərdə və saatlarda, zəruri hallarda isə, dərhal qəbul etməlidirlər".

Vətəndaşlar tərəfindən verilən müraciətdə irəli sürülən məsələlərin həlli dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri və digər vəzifəli şəxslərin səlahiyyətlərinə aid olmadıqda, bunları beş gündən gec olmayaraq müvafıq təşkilatlara göndərməli və bu barədə müraciət edənə məlumat verməli, şəxsi qəbul zamanı isə hara müraciət etməyin lazım olduğunu izah etməlidirlər.

Müəllif göstərir ki, vətəndaşların müraciətlərinin qəbulundan imtina qanunla qadağandır. Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə, anonim sayılır və baxılmır.

Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərdən (hərəkətsizliklərdən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.

Vətəndaşların təklif, ərizə və şikayətləri mütləq kargüzarlıqda qeydiyyatdan keçirilməli, sənədlərə daxil olma tarixini və nömrəsini göstərən ştamp vurulmalı və bu, vətəndaşa bildirilməlidir.

Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarə, müəssisə və təşkilatın və ya vəzifəli şəxsin, bilavasitə tabe olduqları orqana va ya vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna malikdir.

Şikayət qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə verilə bilər. Əli İbrahimov daha sonra yazır: "Müraciətə bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə isə ən geci 15 gün ərzində baxılmalıdır. Lakin xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi müstəsna hallarda həmin müddət ən çoxu bir ay uzadıla bilər və bu barədə vətəndaşa, eyni zamanda, müraciəti nəzarətdə saxlayan dövlət hakimiyyəti orqanına məlumat verilməlidir.

Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri müraciətiərə baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar.

Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafıq olaraq intizam, mülki hüquq və cinayət məsuliyyəti daşıyırlar.

Vətəndaş böhtan məqsədilə ərizə və şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə, başqa qayda nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Azərbaycan Respublikası Konstitusıyasına və digər qanunlara uyğun olaraq, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlanın, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla, o cümlədən, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin (CPM) 12-ci maddəsində, Mülki Prosessual Məcəliəsinin (MPM) müvafiq maddəsində təsbit olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər".

Müəllif qeyd edir ki, məhkəməyə şikayət etmək hüququndan imtina edilməsi etibarsızdır. Əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər nizamlama (pretenzıya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə, həmin qaydaya riayət edildikdən sonra, iqtisad məhkəməsinin həllinə verilə bilər.

Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizliklər) barəsində birbaşa məhkəməyə və ya tabeçilik qaydasında yuxarı dövlət orqanlarına, yerli özünüidarə orqanlarına, sair təşkilatlara və vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. Həmin şikayətlərə məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq baxılır.

Məhkəməyə şikayət hüquq və azadlıqları pozulmuş vətəndaş və ya onun qanuni nümayəndəsi tərəfindən, habelə, vətəndaşın xahişilə ictimai birliyin və əmək kollektivinin nümayəndəsi tərəfindən verilə bilər. Şikayət qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət edilən orqanın və vəzifəli şəxsin olduğu yerin məhkəməsinə verilir.

Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının onların hüquq və azadlıqlarını pozan qərar və hərəkətləri (hərəkətsizlikləri) barəsində qanunda nəzərədə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər.

Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

Hüquqşünas Əli İbrahimov yazır: "Məhkəmələr tərəfindən baxılan ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər aşağıdakılardır:

- seçki hüquqlarının müdafiəsi barədə ərizələr üzrə;

- müvafıq icra hakimiyyəti orqanlarının (nazirliklər, digər mərkəzi və yerli icra hakimiyyəti) və onların vəzifəli şaxslərinin inzibati hüquq pozuntuları barədə qərarlarına dair ərizələr üzrə;

- müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) olan ərizələr üzrə;

- hərbi vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) olan ərizələr üzrə;

- normativ aktların qanuniliyinin mübahisə edilməsi barədə ərizələr üzrə,

İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslərlə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki, inzibati və digər huqüq münasibətlərindən yaranan iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında iqtisad məhkəməsinə aiddir.

İqtisad məhkəməsi aşağıda göstərilən subyektlər arasındakt mübahisələrə baxır:

- qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtisaslara dair va yaxud tərəflərin razılığı ilə ixtisasların iqtisad məhkəməsinin həllinə verilməsi barədə mübahisələr;

- müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr;

- qanunla mübahisəsiz qaydada cərimələrin tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr;

- nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ-hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada silinmiş pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr;

- müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr;

- hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr;

- vergi ödəmələri barədə mübahisələr.

İqtisad məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa bilər".

Məhkəmələrə aid olan işlərə birincı instansiya üzrə rayon (şəhər) məhkəmələri, yerli iqtisad məhkəmələri, beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə iqtisad məhkəməsi tərəfindən baxılır. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə verilir.

Qarşılıqlı iddia, aidiyyatından asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.

Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya mühüm axırıncı yaşayış yerinə görə verilə bilər.

Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 

Hüquqşünas : Əli İbrahimov